- Heç bir şəkildə, kimsə sənin haqqında nəsə düşünəcək deyə istədiklərini eləməkdən vazgeçmə. Əmin ol, onlar 3 gün, 1 həftə, 1 ay danışacaq, sonra unudacaqlar, amma sən həyatın boyunca demədiklərinin və etmədiklərinin peşmançılıq yüküylə yaşamaq məcburiyyətində qalacaqsan. Bu əzabı özünə yaşatma.
- Yaşadığın bütün hisləri doya doya yaşa. Hətta ağrını belə. Ağrı çəkməkdən qorxma. Burax acı səni dibə çökdürsün. Burax acı içinə işləsin. Öldürməyən ağrı gücləndirir deyirlər qızım, haqsız da deyillər deyənlər. Almaz necə yonulmadan qüsursuz olmazsa, insan da acı çəkmədən böyüməz. Xoşbəxtsən? Xoşbəxtlikdən nirvanaya qalx. Nə yaşayırsansa yaşa, yaşadığıvın haqqını verərək yaşa. Çünki ancaq o zaman həqiqətən həyatı yaşamış olarsan. Xırda bir xatırlatma, nə yaşamış olursan ol, mən hər zaman sənin yanında olacam.
- Bunu heç vaxt unutma, dost anlayışı yoxdur. Tanış var, yaxın var, çevrə var. Bir insanın dostun olduğunu bilirsən nə vaxt anlayacaqsan? Sən həqiqi xoşbəxtliyini yaşayanda sənin xoşbəxtliyinə özünkündən çox sevinəndə. Hə, bir də ki, dost anlayışının cins ayrımı yoxdur. "Oğlandan dost olmaz" sözünə inanma. Olanda olur. Sadəcə çox diqqətli olanda görəcəksən. Sənin dostun olmasa da olar, mən sənə dost olaram, amma sən hər kəsə dost ol. Böyüdükcə dost sayının artmağın gözləyirsənsə çox yanılmış olarsan. Həyat sənə tam tərsin sübut edəcək. İnsan böyüdükcə dostları azalır.
- Evrenin belə bir qanunu var, yaxşı şeylərini nə qədər çox adama danışsan, xoşbəxtliyini nə qədər çox paylaşsan, sehri o qədər tez pozular. Sən istəsən də istəməsən də. Bədbəxtliyin isə tam tərsi. Çox qəribədi, pis şeylərdən nə qədər çox danışsan o qədər tez böyüyür və sən içindən çıxılmaz bir hal alırsan. Ona görə sənə məsləhətim, pis və ya yaxşı nə baş vermiş olursa olsun, onu heç kəslə bölüşmə. Yox əgər mütləq şəkildə kimləsə bölüşmək istəsən, mənə çox rahat şəkildə danışa bilərsən. Səni məndən çox heçkəs anlamaz və sənə düzgün məsləhəti məndən başqası verə bilməz, verməyəcək. Mən bunları 25ci yaş günümdə anladım.
- Biri sənin qəlbini qırsa, Allaha tapşır və burax. Kənardan izləməyə başla. İnan mənə, qızım, illər keçsə belə, o insanın sənə yaşatdığını yaşatmadan ölməyəcəyini görəcəksən. Yaxşılığa yaxşılıqla cavab ver, pisliyə isə pisliklə cavab vermə. Hətta pisliyə yaxşılıqla cavab verəcək qədər də saf olma. Sənə edilən yaxşılıqları heç vaxt unutma, amma pislikləri də unutma. Qisas al deyə bilmərəm, ediləni bağışla, sadəcə unutma. Unutma ki, yaşadıqlarını təkrar yaşatmasınlar.
- Oxu. Fərqi yoxdur nə, amma oxu. Mahnı oxu, kitab oxu, dərs oxu, jurnal, qəzet, məqalə, xəbər - sadəcə oxu. Amma oxunmaqla yetinmə, oxuduğunu anlamağa çalış. Anlamadığını araşdır, öyrən. Əzilməmək üçün hamıdan üstün olmaq məcburiyyətindəsən, bu qədər acımasızdır dünya, hamıdan üstün olmaq istəyirsənsə o zaman oxu. Hər şeydən məlumatlı ol. Gözəlliyinlə 1-0 öndə ola bilərsən kimlərdənsə, amma savadınla, ağlınla 10-0 hamıdan öndə ola bilərsən. Birini susdurmaq üçün ağlından istifadə et, acı dilindən yox.
- Dinlə. Fərqi yoxdur nə, amma dinlə. Qarşındakını dinlə, mahnıya qulag as. Sadəcə dinləməklə yetinmə, dinlədiyini anlamağa çalış. Oxuduqlarından çox dinlədiklərinlə öyrənə bilərsən. Birini tanımaq istəyirsənsə sakit şəkildə onun danışıqlarına diqqət et. Atalar boşuna deməyib, danışmaq gümüşdürsə, susmaq qızıldır. Sən sus ki, qarşındakı danışmaq məcburiyyətində qalsın, o danışsın ki, sən öyrənəsən.
- Olduğun kimi görün, göründüyün kimi ol. Hamıya özünü bəyəndirə bilməzsən, hamıya özünü sevdirə bilməzsən. Əgər hamı sənə sevdiyini deyirsə, ortada düzgün olmayan bir şeylər var deməkdir bu. Yalnız səni olduğun kimi qəbul edən, səni sən olduğun üçün sevən, səni dəyişməyə çalışmayan insanlar yanında olmağa layiq olsunlar.
- Mənim kimi hər şeyə kompleksiz ol. Küçədə getdiyin yerdə mahnı oxu, ağlamaq istəyəndə dəniz qırağında qışqıra qışqıra ağla, birini sevirsənsə sevdiyini bildirməkdən çəkinmə. Ətrafında tanımadığın insanlar sənə baxacaqlar, amma baxmaqla yetinəcəklər. Xüsusilə də tanımadığın insanların düşüncəsini heç bir şəkildə önəmsəmə. Nəticə olaraq hamı görmək istədiyini görər, hərkəsin anlamaq qabiliyyəti öz ürəyi ölçüsündədir.
- Həyat eniş-yoxuşlarla doludur. Bütün həyatın boyunca yıxıla bilərsən, amma yıxılanda ayağa daha güclü durmağı da bilməlisən. Əlini uzadanda səni yerdən qaldıracaq heçkəs görməsən əllərini yerə daya, özünə güc ver, qalx ayağa. Əgər özünü quyunun dibində hiss edirsənsə, qanad tax özünə, yenə də ayağa qalx. Özünü qurda-quşa yem etmə. Həyatda ən böyük qələbə heç bir zaman düşməmək deyil, hər düşəndə ayağa qalxmağı bacarmaqdır.
- Sən necə olursan ol, mütləq sənə "eqoist" deyilənlər tapılacaq. Ona görə elə ən yaxşısı eqoist olmaqdı. Hər şeydə ilk öncə öz xeyrini düşün, 2ci növbədə ailəni, sonra digərlərini düşünə bilərsən.
- Adını 6cı hiss mi qoyursan, iç səs mi deyirsən bilmirəm, amma ona mütləq inan. Mən əminəm ki, məndə olan o bacarıq sənə də keçəcək. Onu dinləməyi öyrən, o sənə doğru göstərəcək.
- Mənim ən böyük səhvim səbirsizliyim olub. Bir şeyi əldə etmək istəyirsənsə mütləq şəkildə səbr etməlisən. Amma əlin-qolun bağlı otur gözlə demirəm, çalış, vuruş və doğru zamanın gəldiyinə əmin ol. Səbr - tikanı udmaq və tikan içini parçalayıb keçərkən də heç səs çıxarmamaqdır.
- İnsanın adının insanın həyatına böyük təsiri olduğunu deyirlər bəziləri. Böyüdükcü adımın həyatıma təsirin anladım. Gülümsəmək. Gülmək. Ona görə sən də GÜL...İnsanlar haqqında nə düşünürsə düşünsün,onlara inad GÜL...Həyatında nə baş verirsə versin,olanları unut və GÜL...Mən öyrəndim GÜLməyi...Sən də öyrən və GÜL. (Yeri gəlmişkən, bu statusu 2012-ci ildə yazmışam). Heç vaxt gülümsəməkdən vazgeçmə, üzgün olsan belə. Çünki gülümsəmənə kimin nə zaman aşiq olacağını bilmirsən. Amma nə edirsən et, necə yaşayırsan yaşa, gülə bilmək üçün birini ağlatma və mənfəətlərin üçün heç kəsi satma.
- Şükür elə. Əlində olanlara, qazandıqlarına, hətta əlində olmayanlara belə şükür elə. Çünki Allah bizdən yaxşı bilir onu bizə niyə vermir. Sahib olduqlarına üçün şükür etsən daha çoxu səni tapar. Sahib olmadıqlarına fokuslansan, olanlar da sənə az gələcək.
- Bir münasibətə girəndə doğru insan olduğuna əmin ol. Yalnış insan olsa belə üzülmə. Bəlkə də Allah doğru insanla qarşılaşmadan qabaq yalnış insanlarla tanış olmağını, onu tanıyanda da Tanrıya minnətdar olmağını istəyib. Münasibət bitəndə onunla sağollaşmağı bacar. Əgər buna cəsarətini toplasan, həyat səni yeni bir "salam"la salamlayar. Bitdiyi üçün üzülmə, yaşandığı üçün sevin, çünki mütləq şəkildə ondan öyrəndiyin bir şeylər olacaq. Çünki həyatına girən hər bir insan, hər xırda hadisə səni gələcək "sən" olmağa doğru aparır. Bəziləri dözməyin bizi güclü etdiyini düşünür, amma bəzən bizi güclü edən buraxmaqdır. Amma heç vaxt çıxdığın qapını möhkəm çırpma, çünki bəlkə bir gün geri dönmək istəyərsən.
- Heçkəsi itirməkdən qorxma. Özündən başqa. İnsan özünü səssiz itirər. İtirdiyi hər şeyi dərk edər, özünü itirdiyini anlamaz. Heçnəyi itirməkdən qorxma. Bir kəsi, bir şeyi itirdinsə ondan sonrası üçün hədəfini yüksəlt. Risk al. Nəyisə qazanmaq, nəyisə yaşamaq üçün heç vaxt risk almaqdan qorxma. Bəlkə də qazandığın itirəcəyindən daha çox olacaq. Ən sonunda sadəcə almadığın risklər üçün peşman olassan.
- Yadında saxla, bu həyatda qorxulacaq tək bir şey var, o da qorxunun özüdür. Qorxudan daha güclü bir hiss də var, CƏSARƏT.
- Dürüst ol. Hər şeyə qarşı, hamıya qarşı. Səhvini qəbul etməyi öyrən, üzr istəməyi bacar. Yadında saxla, yalan bir problemi həll edər, amma yerinə min problem gətirər. Heçkəsə haqsızlıq etmə. Çünki bizə edilən haqsızlıqla bizim etdiyimiz haqsızlıq eyni tərəzidə ölçülmür.
- Sənə özümdən sonra qoyub gedə biləcəyim ən gözəl hədiyyəm məndən sənə qalan sonsuz sayda kitablarım və o kitabların içində altından xətt çəkdiyim bəzi seçilmiş cümlələrim olacaq. Kitabları sev, onlar həyatını daha gözəl edəcək, sənə dostca xidmət edib düşüncələrin, duyğuların qarmaqarışıq halında yolunu tapmağa kömək edəcək, özünə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyini və ağlını dünya və insanlıq sevgisiylə dolduracaq.
Bu siyahını çox uzada bilərəm, amma həyatı oxuyaraq yox, yaşayaraq öyrənməyini istəyirəm. Bu həyatda Kubra nənəndən yaxşı ana və nənə görməyəcəksən, heç mən də görməmişəm. Mənim analıq hissim ondan keçib, xərçəng bürcünün də xüusiyyətlərindən biridir bu. Ana ürəyi, dibində hər zaman əfv olan ucsuz bir uçurumdur. Ümumiyyətlə qadın olmaq çox çətindir, üstəlik bizim ölkədə, üstəlik bizim dində. Amma çox şərəfli və məsuliyyətlidir. Düşün, həyata yeni bir can vermək bacarığını Tanrı biz xanımlara nəsib edib, gerisi sadəcə təfərrüatdır.
Bir də ki, illa ki keçmiş mahnılardan dinləmək istəsən 1970-2000lərin mahnıları daha gözəldi, sonrası korlandı :)
Hər zaman xoşbəxt olmağın və məni gözəl xatırlamağın diləyiylə:
Anan GÜL
Bir də ki, illa ki keçmiş mahnılardan dinləmək istəsən 1970-2000lərin mahnıları daha gözəldi, sonrası korlandı :)
Hər zaman xoşbəxt olmağın və məni gözəl xatırlamağın diləyiylə:
Anan GÜL
Salam qızım. Sən bu "məktub"u oxuyanda mən ya qocalmış olacam, ya da olmayacam, bilmirəm. Sənə bunu sənin hələ varlığından x...